Ötən il Azərbaycan bələdiyyələri torpaq satışından 14, 4 milyon manat vəsait toplayıb. Bunun ümumi qeyri-vergi gəlirlərində payı 45,7 faiz olub. Torpaqların icarəyə verilməsindən isə cəmi 4,4 milyon manat toplanıb. Lent.az-ın məlumatına görə, bu barədə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev jurnalistlər üçün keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bələdiyyə xərclərinin strukturunda yerli özünü idarəetmənin saxlanmasına 16,7 milyon manat yönəldilib. Yerli avtomobil yollarının saxlanması xərcləri isə 8,8 milyon manat olub. Ötən il ərazilərin abadlaşdırılmasına bələdiyyələr tərəfindən 12,2 milyon manat xərclənib ki, bu da ümumi xərclərin 25,7 faizini təşkil edir.
Hökumət dairələri bələdiyyələrin böyüdülməsi istiqamətində addımlar atmağa hazırlaşır. Birləşmədən sonra respublikada bələdiyyələrin sayının 2755-dən təxminən 1650-yə endirilməsi planlaşdırılır. Lent.az-ın məlumatına görə, bu barədə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev jurnalistlərlə söhbətində məlumat verib. Onun sözlərinə görə, bələdiyyələrin qarşıdan gələn seçkilərə böyüdülmüş formada gedəcəyi gözlənilir. O, bu dəyişikliyi bələdiyyə seçkiləri ərəfəsində ən ciddi narahatlıq doğuran səbəblərdən biri olduğunu deyib: “Çünki məsələlərə kompleks yanaşma yoxdur. Bələdiyyələr böyüdüləcəksə, bu, onların səlahiyyətlərinin indidən dəqiqləşdirilməsi və maliyyə imkanlarına yenidən baxılmasını tələb edəcək. Lakin seçkilərə az vaxt qalıb və bu dəyişikliklərin hamısı qanunvericilik qaydasında həll olunmalıdır. Parlamentin iş qrafikini nəzərə alsaq, qanunverici orqanın bu məsələyə baxması üçün vaxt çox azdır”. Ekspert bildirib ki, hazırda bələdiyyələrin maliyyə vəziyyəti həddindən artıq ağırdır və bu, bələdiyyə seçkilərində özünün mənfi təsirini göstərəcək. Onun sözlərinə görə, 2008-ci ildə yerli özünü idarəetmə qurumlarının maliyyə imkanları əvvəlki illərlə müqayisədə xeyli aşağı düşüb: “Biz real vəziyyəti ictimaiyyətin və hökumətin diqqətinə çatdırırıq ki, dövlətin qərarvermə səlahiyyəti olan orqanları bu problemləri bələdiyyə seçkilərinədək həll etmək imkanı olsun. Çünki dövlət qurumları real hərəkətə keçsə, bələdiyyələrin bu problemlərini həll etmək mümkündür”.
Bu gün Sumqayıt şəhərində “31 Mart - Azərbaycanlıların soyqırımı” günü ilə bağlı elmi-nəzəri konfrans keçirilib. Sumqayıt Dövlət Universitetində baş tutan konfransda şəhər İcra Hakimiyyətinin başçısı cənab Vaqif Əliyev, Universitetin müəllim və tələbə heyəti iştirak edib. Konfransdan öncə iştirakçılar foyedə şəhər məktəblilərinin mövzu ilə bağlı əl işlərindən ibarət təşkil edilmiş sərgiyə baxış keçiriblər. Konfransı giriş sözü ilə açan şəhər başçısı Vaqif Əliyev Azərbaycan Respublikası Prezidentinin “1948-1953-cü illərdə Azərbaycanlıların Ermənistan SSRİ ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasıyası haqqında” 18 dekabr 1997-ci il və “Azərbaycanlıların Soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanlarının əhəmiyyətini qeyd edib. Daha sonra soyqırımın faktlarını əks etdirən sənədli kadrlar və slaydlar nümayiş olunub. Sonda Universitetin tarix fakültəsinin dekanı Adil Baxşəliyev “XIX əsrdən başlayaraq ermənilərin Azərbaycan torpaqlarına qarşı ərazi iddiasını reallaşdıran tarixi şərait və müqavilələr haqqında”, fakültənin dosenti Nurəddin Cəfərov “Ermənilərin 1988-ci ildən Azərbaycan torpaqlarında başladıqları Qarabağ müharibəsi və Soyqırımı siyasəti” , Bakı Dövlət Universitetinin müəllimi Aydın Məmmədov “Azərbaycanda 1918-ci ilin Mart soyqırımı” , 25 saylı məktəbin direktoru Əvəz Mahmudov isə “1948-1953-cü illərdə Azərbaycanlıların Qərbi Azərbaycandan - tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasıyası” mövzusunda çıxış edib.
Nümayəndə heyətinə Türk-Azərbaycan İş Konseyinin başqanı Çingiz Gül rəhbərlik etmişdir. Bu barədə məlumatı Lənkəran ŞİH dən verilib. İşgüzar xarakter daşımış səfər zamanı türkiyəli qonaqlar Lənkəran ŞİH başçısı Süleyman Mikayılov ilə görüşmüş və rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlərlə tanış olmuşlar. Görüşdə rayonda turizm infrastrukturunun, aqrar sahənin və emal sənayesinin inkişafı ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılmışdır. Görüşdə Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulu Səyyad Salahlı və Milli Məclisin deputatı Rufət Quliyev də iştirak etmişdir.
Lənkəran ŞİH başçısı yanında Şuranın növbəti iclası olmuşdur. Tədbirdə “31 Mart - Azərbaycanlıların soyqırımı” günü bir dəqiqəlik sükutla yad edilmişdir. Lənkəran ŞİH- in yaydığı məlumatda qeyd olunur ki, iclasda "Əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması", "Lənkəran rayonunda turizm sektorunun inkişafı istiqamətində görülən işlər və muzeylərdə xidmətin təşkil edilməsi" və "Rayonda sahibkarlığın inkişafı, yeni istehsal və xidmət sahələrinin yaradılması sahəsində aparılan işlər" haqqında məruzələr dinlənilmişdir. Müzakirə olunan məsələlərlə bağlı Şuranın sədri Lənkəran ŞİH başçısı Süleyman Mikayılov irad və tövsiyyələrini bildirmiş, baş verən nöqsanları aradan qaldırmaq üçün müvafiq tapşırıqlarını vermişdir.
Martın 30-da ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) təşkilatçılığı ilə “Layihələrin tərtibatı və maliyyələşdirilməsi” mövzusunda təlim proqramının açılış mərasimi keçirilmişdir. USAİD-in “Dövlət xərcləri islahatına dəstək” (DXİD) layihəsi çərçivəsində təşkil olunan təlimdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azəriqaz” QSC, “Azərenerji”, “Azərsu”, “Azəryolservis” ASC-lərin və digər dövlət qurumlarının əməkdaşları iştirak edirlər. Səkkiz həftəlik təlim proqramının açılışında USAİD-in baş iqtisadçısı Pol Deyvis bu istiqamətli seminarın respublikamızda artıq ikinci dəfə təşkil edildiyini bildirmişdir. Azərbaycan Hökumətinin son 5 ildə sərmayə qoyuluşuna yatırdığı maliyyə vəsaitinin əvvəlki illərlə müqayisədə 25 dəfədən çox olduğunu diqqətə çatdıran P.Deyvis, vəsaitlərin əsasən kənd təsərrüfatı, təhsil, su və kanalizasiya sahələrinə sərf olunduğunu qeyd etmişdir. Layihələrin qiymətləndirilməsi baxımından belə təlimlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Təlimlər zamanı Azərbaycan təcrübəsindən götürülmüş konkret layihələrdən istifadə olunacaqdır.DXİD layihəsi makroiqtisadi təhlil, ortamüddətli sahə planlaşdırılması və büdcələşdirilməsi, kapital xərcləri və layihələrin qiymətləndirilməsi çərçivəsində dövlət investisiya islahatına strateji və çoxsahəli yanaşmaya xüsusi diqqət yetirir.
Sumqayıt ŞİH-dən daxil olan məlumata görə,sabah “31 Mart - Azərbaycanlıların soyqırımı” günü ilə bağlı Sumqayıt Dövlət Universitetində elmi-nəzəri konfrans keçiriləcək. Konfransda şəhər ictimaiyyəti, Universitetin müəllim və tələbə heyəti iştirak edəcək. Konfransdan öncə foyedə Sumqayıt məktəblilərinin mövzu ilə bağlı əl işlərindən ibarət sərgi təşkil ediləcək. Qeyd edək ki, konfrans zamanı soyqırımın tarixini əks etdirən sənədli kadrlar və slaytlar nümayiş olunacaq. Tədbirdə şəhər rəsmiləri də iştirak edəcək.
İki yüz ilə yaxın bir müddətdə erməni millətçilərinin Azərbaycan xalqına qarşı hərbi, siyasi, ideoloji vasitələrlə yürütdüyü siyasətin əsas məqsədi azərbaycanlıları öz doğma torpaqlarından zor gücünə sıxışdırıb çıxarmaq, fiziki cəhətdən məhv etməklə yeni ərazilər ələ keçirmək, “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. XIX əsrin əvvəllərində Qarabağa və Zəngəzura İran və Türkiyədən on minlərlə erməni ailəsinin köçürülməsi, tarixi torpaqlarımız olan İrəvan quberniyasında, habelə Naxçıvanda və digər bölgələrdə məskunlaşdırılması, 1828-1830-cu illərdə Azərbaycan əhalisinin etnik tərkibinin məqsədli şəkildə ermənilərin xeyrinə dəyişdirilməsi, erməni silahlı dəstələrinin Qafqazın müxtəlif bölgələrində həyata keçirdiyi kütləvi qətllər və talanlar, 1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə soydaşlarımızın Ermənistan Respublikası ərazisindəki ata-baba yurdlarından deportasiya edilməsi, onların insan hüquqlarının kütləvi surətdə pozulması, qeyri-insani rəftarla, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan etnik təmizləməyə məruz qalması, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədi güdən genişmiqyaslı müharibə və onun bu gün də davam edən acı nəticələri--bütün bunlar təcavüzkar erməni millətçilərinin azərbaycanlılara qarşı planlı surətdə həyata keçirdiyi mənfur siyasətin qanlı səhifələridir. Bu məkrli siyasət nəticəsində tarixi Azərbaycan torpaqları zaman – zaman ermənilər tərəfindən zəbt edilmiş, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, on minlərlə insan həlak olmuşdur.....