Sumqayıtda qəza vəziyyətində olan yaşayış binalarının təmiri işləri tam yekunlaşır. Şəhərin 8-ci mikrorayon ərazisində yerləşən qəza vəziyyətində olan bina tam təmir edilmiş, 11-ci mikrorayon ərazisində yerləşən 2 yaşayış binalarında isə təmir işləri yekunlaşdırılır. Bu barədə məlumatı Sumqayıt Şəhər İra Hakimiyyəti yayib. Bununla da yalnız bağça və yataqxanalar arasında qəza vəziyyətində olan binalar qalır ki, onların da yaxın gələcəkdə təmir olunması nəzərdə tutulub.
Nəsimi adına Mədəniyyət və İstirahət parkında yay mövsümü ilə əlaqədar olaraq bir sıra işlər görülüb, parkın ərazisində su və elektrik təchizatı, təmir və abadlıq işlərı aparılıb. Bu barədə məlumatı Sumqayıt Şəhər İcra Hakimiyyəti yayıb. Verilən məlumata görə , parkda yerləşən “Yay estradası” təmir edilib, köhnə oturacaqlar yeniləri ilə əvəz olunub, mövcud olanlar isə bərpa edilib, rənglənib. Parkın mərkəzində yerləşən “Göyərçin” abidəsi və onun ətrafı əsaslı şəkildə təmir olunub. Abidənin yaxınlığında yüksək standartlara cavab verən şəlalə və işıqlandırma sistemi quraşdırılıb. Əhalinin asudə vaxtlarını səmərəli keçirmək məqsədilə klub müəssisələrinin bədii özfəaliyyət kollektivləri, musiqi məktəblərinin kollektivləri cəlb olunmaqla şənbə-bazar günləri istirahət konsertləri təşkil edilir. Hazırda “Silahlı Qüvvələr Günü” və “Milli Mətbuat Günü” ilə əlaqədar olaraq tədbirlərin keçirilməsi məqsədilə hazırlıq işləri aparılır.
Son zamanlar Sumqayıt şəhərində və əraziyə daxil olan qəsəbələrdə və yaşayış massivlərində narkomaniya əleyhinə bir sıra tədbirlər həyata keçirilir. Bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinin yaydığı məlumatda bildirilir ki, ötən həftələrdə Sumqayıt şəhər Polis İdarəsinin işçiləri 9-cu mikrorayon, Hacı Zeynalabdin və Corat qəsəbələrində sakinlərlə görüşmüş, yerlərdə məlumat xarakterli lövhələr yerləşdirmişlər. Eyni zamanda hazırda yerli televiziyada “Gənclər narkomaniyaya yox deyir” devizi altında roliklər və məlumatlar yayımlanır. Silsilə tədbirlərə yekun olaraq iyun ayının 26-da şəhər gənclərinin iştirakı ilə yekun konsert tədbirinin həyata keçirilməsi nəzərdə tutulub.
Yaponiya Respublikasının “Fuji Optikal” Məhdud Məhsuliyyətli Cəmiyyəti 16-17 iyun 2008-ci il tarixdə Sumqayıt şəhərində olub. Cəmiyyətin məqsədi Sumqayıt şəhərində məskunlaşmış qaçqın və məcburi köçkünlərin gözlərini müayinədən keçirmək və onlara lazımi köməklik göstərmək olub. Bu barədə məlumat yayan Sumqayıt Şəhər İcra Hakimiyyətinin yaydığı məlumatda bildirilir ki, bu məqsədlə 600 nəfər məcburi köçkünün gözləri müayinə edilib və onlara cəmiyyət tərəfindən optik eynəklər təqdim olunub.
Azərbaycan xalqının Milli Qurtuluş günü ərəfəsində Badamdar qəsəbəsində əsaslı surətdə yenidən qurulmuş Heydər Əliyev parkı qəsəbə sakinlərinin istifadəsinə verilmişdir. Bir hektara yaxın ərazisi olan parkda çoxlu sayda yeni ağaclar, gül kolları və çəmən otu əkilmiş, balacaların böyük sevincinə səbəb olmuş müasir attraksionlar qurulmuş gözəl uşaq meydançası, yaşlı nəslin nümayəndələrinin istirahəti üçün veteranlar klubu tikilmişdir. Bu barədə məlumatı Səbail RİH yayıb. Parkda müasir işıqlandırma sistemi və suvarma şəbəkəsi qurulmuş, yeni oturacaqlar, zibil qabları qoyulmuşdur. Bir sözlə qəsəbə sakinlərinin normal, mədəni istirahəti üçün burada hər cür şərait yaradılmışdır. Parkın ətrafında da geniş abadlıq işləri aparılmış, ətraf küçələrə yeni asfalt örtüyü salınaraq işıqlandırılmış, yaxınlıqdakı «Badamdar şəhidləri» abidəsi yenidən qurularaq müasir görkəm almışdır. Bayramsayağı bəzədilmiş parkın açılışına gələnləri girişdə Hərbi Dəniz Qüvvələrinin orkestri marş sədaları ilə qarşılamışlar. Müxtəlif meydançalarda öz məharətlərini nümayiş etdirən Azərbaycan Dövlət Kukla teatrının kollektivinin, Uşaq-gənclər Idman məktəbinin, Uşaq yaradıcılıq mərkəzinin, məktəb və uşaq bağçalarının bədii özfəaliyyət kollektivlərinin və balaca idmançıların çıxışları toplaşanlar tərəfindən maraqla qarşılanmışdır. Parka gələnlər qəsəbədə yerləşən Nəbatət bağının nümayiş etdirdiyi nadir gül kolları ilə də tanış olmuşlar. Daha sonra Səbail rayon Icra Hakimiyyəti və «Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin birgə hazırladıqları, ölkəmizin tanınmış sənətkarlarının iştirakı ilə böyük bayram konserti olmuşdur. Toplaşanlar ötən tədris ilində Bakı şəhəri və ölkə üzrə keçirilmiş fənn olimpiadalarında qalib gələrək Səbail rayon Icra Hakimiyyəti və Regionların Inkişafı ictimai birliyinin xüsusi təqaüdünə layiq görülmüş 30 şagirdi, habelə, səkkiz fənn üzrə rayonda ilin ən yaxşı müəllimi adını qazanaraq xüsusi diplom, pul mükafatı və qiymətli hədiyyələrlə mükafatlandırılmış orta məktəb müəllimlərini hərarətlə alqışlamışlar. Konsert bayram atəşfəşanlığı ilə başa çatmışdır. Bayram tədbirində rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələrin, təşkilatların rəhbərləri, Yeni Azərbaycan Partiyası sədrinin müavini, partiyanın icraçı katibi, Millət vəkili Əli Əhmədov, Milli Məclisin Elm və Təhsil məsələləri Daimi Komissiyasının sədri Şəmsəddin Hacıyev, Millət vəkilləri Aqil Abbas, Fəzail Ağamalı, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının məsul işçisi Tağı Tağıyev iştirak etmişlər.
Kimyaçı Mədəniyyət Sarayında Sumqayıt şəhər məktəbliləri arasında “Gənc kompüter istedadları – 2008” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Bu barədə məlumat Sumqayıt Şəhər İcra Hakimiyyətindən daxil olub. Mərasimdə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı cənab Vaqif Əliyev, Rabitə və İnformasiya Texnologiyaları naziri cənab Əli Abbasov, eləcə də respublikanın aidiyyatı qurumlarının nümayəndələri iştirak ediblər.Ulu öndərimiz Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş “Gənc kompüter istedadları – 2008” müsabiqəsinə ümumilikdə 36 məktəbdən 150-yə yaxın şagird qatılıb. Müsabiqə 2 mərhələ və 2 nominasiya – təqdimat və veb-sayt nominasiyaları üzrə keçirilmişdir. İyun ayının 7-də keçirilən final mərhələsində 24 məktəbdən 60 şagird iştirak etmiş, müsabiqənin qalibləri seçilib. Münsiflər heyətinin qərarı ilə hər nominasiya üzrə bir 1-ci yer, bir 2-ci yer və iki 3-cü yer və fərqləndirici mükafatlar müəyyən olunub.Müsabiqə və mükafatçıların adları barədə daha geniş məlumat saytda yerləşdiriləcəkdir.
“Transparency İnternational” beynəlxalq təşkilatının Azərbaycan bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi iyunun 10, 11 və 12-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Akademiyasında bələdiyyə üzvləri, məhkəmə icraçıları və hakimlər üçün seminarlar keçirib. Təşkilatın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminarda korrupsiyanın anlayışı, səbəbləri, nəticələri və formaları haqqında, “Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın icrası üzrə tədbirlər planı, “Transparency İnternational” təşkilatı və “Şəffaflıq Azərbaycan” İB-nin fəaliyyət istiqamətləri ilə bağlı məlumatlar iştirakçıların nəzərinə çatdırılıb. Bələdiyyələrə və məhkəmə orqanlarına vətəndaşlar tərəfindən gələn şikayətlərin xarakteri, Milli Strategiyadan irəli gələn vəzifələr müzakirə olunub və qeyd edilən sahələrdə korrupsiya faktlarının aradan qaldırılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Lənkəran Rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycan Respublikası Milli Məclisinin bir qrup deputatı ilə gənclərin görüşü olmuşdur. Orta məktəblərin 10-11-ci sinif şagirdlərinin, buradakı ali məktəb və texnikum tələbələrinin iştirak etdiyi tədbiri Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov açaraq ümummilli liderimiz Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan, hazırda bu siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirildiyindən danışdı. Yığıncaqda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, Milli Məclisin deputatı Fuad Muradov "Müasir Azərbaycan gəncliyi, gənclərin cəmiyyətdəki rolu, onlarda liderlik keyfiyyətlərinin aşılanması və perspektiv dövr üçün vəzifələr", Milli Məclisin Sosial siyasi komissiyasının sədri Hadi Rəcəbli "Gənclərin Sosial problemlərinin həlli Azərbaycan dövlətinin ən ümdə məsələlərindən biridir", Milli Məclisin deputatı Əkrəm Abdullayev "Ölkəmizdə uğurla aparılan sosial islahatlarda gənc nəslin rolu", Milli Məclisin deputatı, professor Rüfət Quliyev "Gənclər yeniləşmiş Azərbaycan iqtisadiyyatının aparıcı qüvvəsi və gələcək inkişafının fəal təminatçılarıdır" mövzusunda məruzə etmişlər. Sonda gənclərin verdikləri suallar ətraflı cavablandırıldı. Lənkəran RİH-in yaydığı məlumata görə, tədbirdə Milli Məclisin deputatları Aydın Abbasov və Çingiz Əsədullayev də iştirak etnişlər.