Yardımlı bələdiyyələrinin büdcə gəlirləri kritik həddə çatıb. Rayon bələdiyyələrinin 2006-cı ildəki orta aylıq büdcə gəliri 35 manat, ötən ildə isə 97 manat olub. Bu ümumrespublika göstəricisindən 12 dəfə aşağıdır. Verilən məlumatda bildirilir ki, məhz maliyyə vəsaitinin çatışmazlığı əməkhaqqlarının verilməsində ciddi problem yaradıb. Məhz bu səbəb də bələdiyyə qulluqçularının yerli orqandan axınına təkan verib. Xatırladaq ki, Yardimlı rayonunda 62 bələdiyyə fəaliyyət göstərir.Və bu bələdiyyələrin 440 nəfər üzvü var.
Dünən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın növbəti iclası keçirilib. Bu barədə məlumatı Lənkəran RİH-dən veriblər. Şuranı giriş sözü ilə Lənkəran ŞİH başçısının birinci müavini İlqar Dadaşov açmışdır. Şurada ərazi vahidlərindəki icra nümayəndəliklərində işin qurulmasında «Yerli icra hakimiyyətləri haqqında» əsasnamənin tələblərinə əməl olunması vəziyyəti barədə və Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına (2004-2008-ci illər) uyğun əhalinin və müəssisələrin elektrik enerjisi, təbii qaz və digər yanacaq növləri ilə təmin edilməsi sahəsində görülən işlər barədə məsələlər müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilmişdir. Şura iclasında şəhərdə abadlıq-təmizlik işlərinin vəziyyətinə də münasibət bildirilmiş və bu sahədə işin ləng getdiyi Abadlıq kombinatının direktoru R.Həsənovun nəzərinə çatdırılmışdır.
Şəmkir rayonun 64 yaşayış məntəqəsində 57 bələdiyyə fəaliyyət göstərir. Bu barədə məlumatı municipality.az saytına rayon bələdiyyəsinin sədri Məzahir Cəfərov verib. Onun sözlərinə görə, bələdiyyələr hazırda əvvəlki illərdən fərqli olaraq rayonun sosial-iqtisadi həyatında fəal iştirak edir, ayrı-ayrı yaşayış məntəqələrində yerli problemlərin həllində fəal mövqeyə malikdirlər. Ötən dövr ərzində abadlıq quruculuq işlərində bələdiyyələr xeyli əməli işlər görüb həyata keçirmişlər. Şəhər bələdiyyəsi görülmüş işlər barədə şəhər ictimaiyyətinə vaxtaşırı hesabat verir.Vətəndaşların bələdiyyələrə müraciətlərin sayı da 2002 illə müqayisədə 2007 ci ildə 3,7 dəfə artib. Müraciətlərin 62% fərdi yaşıyış sahəsi üçün torpaq sahəsinin ayrılması, 29 %-i sosial problemlərin həlli ilə, 9%-i isə bələdiyyələrin fəaliyyətilə bağlı olub.
Quba bələdiyyəsindən municipality.az saytına daxil olan məlumata görə, rayonun 158 yaşayış məntəqəsində formalaşdırılan 101 bələdiyyəyənin mülkiyyətinə 91326 hektar torpaq sahəsi verilmişdir. Rayonun sosial-iqtisadi problemlərinin həllində bələdiyyələrin yaxından iştirak etdiyini qeyd edən bələdiyyə sədri İlqar Xəlilovun sözlərinə görə, yerli bələdiyyələrin vəsaiti hesabına bir çox sosial yönümlü obyektlər tikilərək istifadəyə verilmiş, yerli əhəmiyyətli yollar bərpa olunmuş və körpülər salınmış, su xətləri çəkilmiş, bulaqlar təmir olunmuş, yeni istirahət və turizm mərkəzləri yaradılmışdır. Bələdiyyələrin vəsaiti hesabına ümumtəhsil və məktəbəqədər müəssisələrin tikilməsində, təmirində, abadlaşdırma və yaşıllaşdırma, sanitariya tədbirlərində yaxından iştirak edirlər. Yerli orqanların köməyi ilə yerlərdə idman qurğuları tikilərək müxtəlif növlər üzrə idman yarışları keçirilmiş, şəhidlərin xatirəsini əbədiləşdirən abidələr ucaldılmışdır. Sosial proqramlar çərçivəsində, şəhid ailələri, tək və kimsəsizlər, sosial qayğıya ehtiyacı olanlar üçün əlamətdar günlərdə bayram süfrələri açılır, onlara maddi yardımlar göstərilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər departamentinin əməkdaşları Nərimanov rayonu, A.Qayıbov küçəsi, 10 ünvanında yerləşən “Bakı Məişət Kondisionerləri” ASC–nin qarşısında təxminən 60x50 metr ölçüdə yaşıllıq ərazinin naməlum şəxslər tərəfindən mişar daşı ilə hasara alınması faktı aşkarlanmışlar. By barədə məlumatı nazirıliyin mətbuat xidməti yayıb. Məlumatda bildirilir ki, ərazidə təqribən 250-300 kvadratmetr ölçüdə ot (qazon), respublikada yeganə nümunə olan, qarşısında xüsusi lövhə qoyulmuş 1 ədəd Yapon daş palıdı, Yapon zoğalı və 4 ədəd palma ağacı olmaqla 43 ədəd çoxillik şam, küknar, Şərq çinarı və müxtəlif xarici ölkələrdən gətirilmiş 18 ədəd həmişəyaşıl bəzək bitkilərinin mövcud olduğu müəyyən edilmişdir. Qanun pozuntusu ilə əlaqədar müvafiq sənədləşmə işləri aparılaraq akt tərtib olunmuşdur. Eyni zamanda aidiyyəti icra hakimiyyəti və hüquq-mühafizə orqanlarına faktla bağlı məlumat verilmiş, cavabdeh şəxslərin tapılması və ərazinin əvvəlki vəziyyətinin bərpa olunması məqsədi ilə müraciətlər göndərilmişdir. Ərazi nazirliyin müvafiq qurumu tərəfindən nəzarətə götürülmüşdür.
Son bir ildə Samux rayonunun kəndlərinə yeni çəkilən qaz xətləri hesabına abonentlərin sayı 2 min 332 nəfər artmışdır. Bu günlərdə isə daha bir kənd - Alıuşağı kəndi mavi yanacaqla təmin edilmişdir. Bunun nəticəsində 300 ailənin qaz təminatı qaydaya salınmışdır. Rayon icra hakimiyyətindən bildirmişlər ki, kənd və qəsəbələrin qazlaşdırılması işi bu il də davam etdirilir. Hazırda Füzuli, Seyidlər, Sarıqamış, Qədili və Qaraarx kəndlərinə yeni qaz xətləri çəkilir. Həmin kəndlər mavi yanacaqla təmin edildikdən sonra abonentlərin sayı daha 3 min nəfər artacaqdır.
Astara bələdiyyəsindən municipality.az saytına daxil olan məlumata görə, hazırda Astara rayonunda 15 ərazi icra nümayəndələri və 49 bələdiyyə vardır. Kijəbə qəsəbəsi üzrə 6 bələdiyyə, Suparibağ icra nümayəndəliyi üzrə 5 bələdiyyə, Siyakü icra nümayəndəliyi üzrə 7 bələdiyyə, hətta Pəlikəş icra nümayəndəliyi üzrə isə 8 bələdiyyə formalaşdırılıb. Məhz sayçoxlugunun nəticəsidir ki, bələdiyyələrin orta ayliq büdcə gəliri 2007-ci ildə 350 manatı keçməyib. Məlumatda daha sonra qeyd olunur ki, hazırda maliyyəsizlik ucbatından Astaranın 20-dən artıq kənd bələdiyyəsinin qulluqçuların iki aydan artıqdır ki əməkhaqqlarını ala bilmirlər.
Əziz həmvətənlər! Hörmətli soydaşlar Hər il olduğu kimi, bu il də sizə bütün dünya azərbaycanlılarının kədər və hüznlə qeyd etdiyi soyqırımı qurbanlarını anma günü – 31 Mart münasibətilə müraciət edirəm. Təcavüzkar erməni millətçiləri xalqımıza qarşı iki yüz ilə yaxın bir müddətdə soyqırımı siyasəti həyata keçirmişdir. Azərbaycanlıları tarixi torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə mifik “böyük Ermənistan” yaratmaq məqsədi ilə Azərbaycan və türk xalqları onilliklər boyu müntəzəm surətdə ermənilərin ideoloji, hərbi və mədəni təcavüzünə məruz qalmışdır. Xalqımızın tarixi kobud surətdə saxtalaşdırılmış, mədəniyyətimiz, toponimlərimiz ermənilər tərəfindən özününküləşdirilmişdir. Soyqırımı siyasəti müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirilmiş, kütləvi qətllər və hərbi əməliyyatlarla müşayiət olunmuşdur. XIX əsrin birinci yarısında İrandan və Osmanlı imperiyasından köçürülən ermənilər hesabına Qarabağ və Zəngəzurda demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905 və 1918-ci illərdə azərbaycanlı əhalinin kütləvi qırğınları, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması və Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərinin paytaxt kimi Ermənistana güzəştə gedilməsi, 1920-ci illərdə sovet hökuməti tərəfindən Zəngəzurun ermənilərə verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından deportasiyası və sair faktlar soyqırımı tarixinin faciəli və qanlı səhifələridir...