Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən vətəndaşların, eləcə də hüquqi və fiziki şəxslərin özəlləşdirmə prosesində daha fəal və bərabərhüquqlu iştirakının təmin olunması məqsədilə müntəzəm olaraq hərraclar keçirilir. Bu hərracların aşkarlıq və şəffalıq şəraitində aparılması daim diqqət mərkəzində saxlanılır, hərraca çıxarılan müəssisələr və özəlləşdirmənin gedişinə dair məlumatlar mütamadi olaraq kütləvi informasiya vasitələrində əks etdirilir. Respublikamızın müvafiq bölgələrində yaşayan sakinlərin hərraclarda iştirak etmələrini daha da asanlaşdırmaq üçün İxtisaslaşdaralmış Hərracların Təşkili üzrə Auksion Mərkəzinin zona bölmələri fəaliyyət göstərir. Belə ki, hərracda iştirak etmək istəyənlər Auksion Mərkəzinin Naxçıvan, Gəncə, Sumqayıt, Lənkaran, Əli-Bayramlı, eləcə də Şəki zona bölmələrinə müraciət edə bilərlər. Belə ki, özəlləşdirmə prosesi çərçivəsində təsis edilmiş səhmdar cəmiyyətlərinin səhmlərinin satışı ilə əlaqədar 2007-ci ilin 9 ayı ərzində 50-ə yaxın çek və pul hərracı keçirilmişdir. Bu hərraclarda 150-ə yaxın səhmdar cəmiyyətlərinin səhmi satılmışdır. Bu barədə adıçəkilən qurumun mətbuat xidmətindən bildiriblər. Məlumatda daha sonra qeyd olunur ki, kiçik dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi ilə bağlı Bakı şəhəri və respublikanın digər şəhər və rayonları üzrə 330-a yaxın hərrac keçirilmişdir.Özəlləşdirilən dövlət müəssisələrinin əmək kollektivlərinin hüquq və mənafelərinin qorunması, onların özəlləşdirmə prosesində daha da fəal iştirakının təmin olunması prioritet məsələdir. Belə ki, cari il ərzində səhmdar cəmiyyətlərinin və kiçik müəssisələrin özəlləşdirilməsi zamanı əmək kollektivi üzvləri arasında keçirilmiş 450-ə yaxın güzəştli satışda 2450-ə yaxın əmək kollektivi üzvü iştirak etmiş, səhm və ya əmlak sahibi olmuşlar.
Bərdə bələdiyyəsi “Azərbaycanda Yerli Demokratiya Həftəsi” gunləri çərçivəsində bir çox fəaliyyətlər həyata keçirmiş, vətəndaşlarla görüşlər təşkil etmişdir. Bu barədə Bərdə bələdiyyəsindən məlumat verilib. Bu aksiya çərçivəsində Bərdə bələdiyyəsinin binası qarşısında bələdiyyə lövhəsi və bələdiyyə poçtu quraşdırılmışdır. Məqsəd bələdiyyə-vətəndaş münasibətlərinin yaxşılaşdırılması, əhalinin rəy və təkliflərini bilmək, eyni zamanda da bələdiyyənin fəaliyyəti haqqında seçicilərin və şəhərə gələn qonaqların məlumatlı olmasını təmin etməkdir.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat xidmətindən municipality.az saytına daxil olan məlumata görə, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində əldə etdikləri yüksək nailiyyətlərə görə aşağıdakı nominasiyalar üzrə akademik Həsən Əliyev adına mükafat təsis edir: 1. Elm, təhsil, maarifçilik və təbiətə hümanist münasibətin digər təbliğat formaları; 2. Meşələrin qorunması, bərpası və artırılması; 3. Biomüxtəlifliyin qorunması və davamlı inkişafı; 4. Akademik Həsən Əliyevin elmi irsinin öyrənilməsi üzrə gənc tədqiqatçı. Layihələrin təqdimatı 5 dekabr 2007–ci il tarixədək həyata keçirilir. Hər nominasiya üzrə mükafatın məbləği 500 manat təşkil edir. Mükafatlar akademikin ad günü ərəfəsində (15 dekabr) təqdim ediləcəkdir. İştirak etmək istəyənlər əlavə məlumatlar üçün Nazirliyin Ekoloji Təbliğat şöbəsi ilə (tel.432–41–52) əlaqə saxlaya bilərlər.
“Bakı Dairəvi 2” avtomobil yolunun layihələndirmə işləri yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda bütün layihələndirmə işləri başa çatacaq. Bu barədə məlumatı AZADİNFORM-a “Azəryolservis” ASC-dən veriblər. Ümumi uzunluğu təqribən 58 km olan yolunun layihə işləri İranın “Passillo” şirkəti tərəfindən aparılıb. Yol Lökbatan dairəsindən başlayaraq, Binəqədi, Mehdiabad, Məmmədli, Maştağa, Ramana qəsəbələrdən keçməklə Zığ-Hövsan şosesinə birləşəcək. “Bakı Dairəvi 2” avtomobil yolu respublikada ilk dəfə olaraq birinci texniki dərəcəli olmaqla 8 cərgəli olacaq. Qeyd edək ki, bu yolun çəkilməsində əsas məqsəd sərnişin və yük daşımalarında, tıxacların yaranmasında problemlərin aradan qaldırılmasıdır.
Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) üzv olan bankların sırasına “Günay Bank” Açıq Tipli Səhmdar Bankı da qoşuldu. Bu barədə məlumatı AZADİNFORM-a Əmanətlərin Sığortalanması Fondundan veriblər. Bununla da Fonda üzv olan bankların sayı 35-ə çatıb. Bu bankların Fonda ödədiyi birdəfəlik üzvlük haqqı 10 min manatdır. “ƏSF-yə üzv olan hər bir banka qurumun şəhadətnaməsi verilir və bu şəhadətnamələr banklarda əmanətçilərə xidmət göstərilən yerlərdə asılır”,-deyə məlumatda bildirilir. Xatırladaq ki, “Əmanətlərin sığortalanması haqqında” Qanununa əsasən sığorta hadisəsi baş verdikdə, yəni iştirakçı bank məcburi ləğv edildikdə və ya müflis elan olunduqda, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarı qüvvəyə mindikdə Fond əmanətçinin kompensasiya alacağına təminat verir.
Xəbər verildiyi kimi, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin təşəbbüsü ilə əlaqədar cari il oktyabrın 15-dən başlayaraq “Avropada yerli demokratiya həftəsi” keçirilmişdir. Bu təşəbbüsə qoşulan Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələri milli assosiasiyaları noyabrın 5-dən 11-dək “Azərbaycanda yerli demokratiya həftəsi”nin keçirilməsi təklifini irəli sürmüşlər. Həftəyə hazırlıqla əlaqədar Bakıda şəhər və qəsəbə bələdiyyə sədrlərinin ümumrespublika müşavirələri keçirilmişdir. Hazırda isə rayonlarda kənd bələdiyyə sədrlərinin müşavirələri keçirilir. Aşağıda müxbirlərimizin kənd bələdiyyələri sədrlərinin müşavirələrindən hazırladıqları materialları təqdim edirik. ...
Sumqayıt Şəhər İcra Hakimiyyətindən municipality.az saytına daxil olan məlumata görə, Almaniyanın Lüdviqshafen şəhərində səfərdə olan Sumqayıt şəhərinin nümayəndə heyəti oktyabrın 29-da dünyanın aparıcı kimya şirkətlərindən olan BASF şirkətinin baş ofisində olmuşdur. Burada qonaqlara şirkət haqqında ətraflı məlumat verilmiş, Sumqayıt-Lüdviqshafen əlaqələrində bu şirkətin xüsusi rol oynadığı qeyd olunmuşdur. Vaqif Əliyev öz növbəsində səmimi qəbula görə müəssisə rəhbərliyinə təşəkkür etmiş və alman şirkətlərinin Sumqayıt şəhərində fəaliyyətini genişləndirəcəyinə ümid etdiyini bildirmişdir. Həmin gün Lüdviqshafen şəhərinin Tullantıların daşınması və emalı müəssisəsində olan nümayəndə heyəti bu sahədə yerli təcrübə ilə tanış olmuşlar. Qeyd edək ki, Sumqayıt şəhərində tullantıların daşınmasını həyata keçirən ADES Azərbaycan-Almaniya Birgə Müəssisəsi əsas texnikasını Almaniyadan və xüsusilə Lüdviqshafen şəhərindən almışdır. Görüş zamanı daha bir tullantı daşıyan maşının alqısı üzrə razılıq əldə olunmuşdur. Sumqayıt şəhərinin nümayəndə heyətinin Almaniya səfəri bu gün başa çatmışdır, səfər Almaniyanın RNF-live televiziyası vasitəsilə alman ictimaiyyətinə çatdırılmışdır.
Hər halda, Beynəlxalq Şəffaflıq Təşkilatının 9 aylıq hesabatından belə nəticə çıxır. Dünyada aparıcı anti-korrupsiya fəaliyyətini həyata keçirən Beynəlxalq Şəffaflıq Təşkilatının yaydığı hesabata əsasən vətəndaşlar tərəfindən korrupsiya faktı ilə əlaqədar edilən müraciət və şikayətlərin sayına görə qurumun respublikamızın bölgələrdəki mərkəzləri arasında Gəncə təmsilçiliyi birinci yerdədir. Belə ki, bu ilin ilk doqquz ayı ərzində təşkilatın Gəncə ofisinə korrupsiya məsələsi ilə bağlı 501 vətəndaş müraciət edib. Lənkəranda uyğun göstərici 360, Qubada 330, Şəkidə 327, Bakı ofisində isə 274 olub. Gəncə ofisinə daxil olan müraciətlərdən 86-sı bələdiyyə, 81-i məhkəmə, 57-si pensiya, 35-i icra orqanlarından, 34-ü polis, 23-ü təhsil, 19-u hərbi komissarlıq,13-ü isə səhiyyə orqanlarındandır.Təşkilatın Gəncə ofisinin hüquqşünası Sevinc Məmmədovanın sözlərinə görə, bələdiyyələrdə torpaq sahələrinin alqı-satqısı, paylanılması, bölüşdürülməsi zamanı ciddi korrupsiya hallarına yol verilir. Müsahibimiz qeyd etdi ki, bu cür qanun pozuntuları ətraf rayonlarda daha ciddi şəkil alır. O, daxil olan müraciətlərdən ikisinin həll olunduğunu bildirdi. «Əgər insanlar öz hüquqlarını bilsələr və mübarizliklə haqlarını qorusalar, ölkəmizdə də korrupsiya halları azalar. Əks halda biz hər addımbaşı korrupsiya ilə üzləşməli olacağıq və nəticədə haqlarımız da tapdalanacaq»-deyə S.Məmmədova vurğuladı.Qeyd edək ki, Beynəlxalq Şəffaflıq Təşkilatı 1993-cü ildən təsis olunub və hazırda 90-dan artıq ölkədə fəaliyyət göstərir. 2000-ci ildən Azərbaycanda fəaliyyətinə başlayan təşkilat 2005-ci ildən ölkəmizdə İctimai Maraqların Müdafiəsi və Hüquq Məsləhət Mərkəzi layihəsini həyata keçirir. Həmin layihə çərçivəsində ilkin olaraq Bakı və Gəncədə, daha sonra isə Quba, Lənkaran və Şəkidə qurumun mərkəzləri açılıb.