Səbuhi Yusifov İqtisadi İslahatlar Elmi – Tədqiqt İnstitutnun disserratnı
Bakı / AZƏRBAYCAN
GİRİŞ Urbanizasiya dar mənada şəhərlərini sayının və şəhərlərdə yaşayan əhalinin sayının artması prosesidir. Bu mənada urbanizasiya demoqrafik xüsusiyyətə malikdir. Lakin urbanizasiya sadəcə olaraq əhali artımı prosesi olmayıb, eyni zamanda cəmiyyətin iqtisadi və ictimai quruluşunda baş verən dəyişiklikləri də özündə əks etdirir. Beləliklə, geniş mənada urbanizasiya sənayeləşmə və iqtisadi tərəqqiyə paralel olaraq, şəhərlərin kəmiyyətcə artması və böyüməsi nəticəsində, cəmiyyətdə sürətli təşkilatlanma, əmək bölgüsü və ixtisaslaşma yaratmaqla, insanların davranış və münasibətlərində şəhərə xas olan dəyişikliklərə yol açan bir əhali artımı prosesidir. (1, s.7) ... Sənaye inqlabından sonra dünya şəhərlərin istər iqtisadi, istərsə də siyasi strukturunda bir çox dəyişiklər baş verdi. İngiltərədə başlayan sənaye inqlabı, müəyyən fasilələrlə Almaniya, Fransa, İsveçrə və Belçika kimi digər Avropa ölkələrinə yayılmışdır. Qərbdə bu tərəqqi ümumiyyətlə təxminən 200 il davam etmiş, və burada artıq şəhər cəmiyyəti formalaşmışdır. (2, s.19) Bütün sənaye sahələri köhnə şəhərlərdən, enerji mənbələrinin, nəqliyyat vasitələrinin, xammal ehtiyatlarının və işçi qüvvəsinin ucuz və əlverişli olduğu yerlərə axın etməyə başladı. Məhz sənaye inqlabından sonra, urbanizasiya prosesi başlamış və get gedə vüsət almışdır. Başqa söz lə sənayeləşmə urbanizasiyanı şərtləndirən başlıca amil olmuşdur. Urbanizasiya XX ci əsrin ən böyük fenomenlərindəndir. İnkişaf etmiş, inkişaf edən ölkələr, bir sözlə bütün cəmiyyətlər bu fenomenlə qarşılaşmışlar. Müasir dövrdə şəhərlərin sürətli artımı daha çox inkişaf etmiş və ya inkişaf edən ölkələrdə müşahidə olunmuşdur. Nataraz urbanizasiya bir mənada ölkənin az inkişaf etmiş olmasının göstəricisi olsa da, öz təbii qanunauyğunluğu içində müntəzəm urbanizasiya prosesi, eyni zamanda ölkənin gələcək tərəqqisi üçün də ümid mənbəyi olmuşdur. İnkişaf etmə mərhləsində olan ölkələrdə şəhərlər get- gedə daha çox əhalini özünə cəlb etməklə, milli gəlirdə daha çox pay sahibi olmaqla, daha çox əmtəə və xidmət istehsal etməklə ölkənin dominant regionu olmağa can atırlar. Bu şəhərələrin idarəsi xüsusilə əhəmiyyətli, lakin çox çətin məsələyə çevrilmişdir. (3, s.3)
2. URBANİZASİYANIN YARANMA SƏBƏBLƏRİ Urbanizasiya prosesinin yaranmasında iqtisadi, texnoloji, siyasi və sosioloji amillərin böyük rolu vardır. İqtisadi amillərdən birincisi kəndliləri yaşadıqları kəndlərdən şəhərlərə sarı istiqamətləndirən miqrasiya amilidir. Kənd təsərrüfatında müasir texnoloji avadanlıqların tətbiqi ilə ibtidai üsulların aradan çıxması, bir sözlə kapitalist sənayenin kənd təsərrüfatına sirayət etməsi, bu sahədə işçi qüvvəsinə tələbatı xeyli azaltmışdır. Digər tərəfdən, xüsusilə az inkişaf etmiş ölkələrdə kənd təsərrüfatının məhsuldarlığı aşağıdır və sahədəki istehsaldan əldə olunan gəlirin fərd başına düşən gəliri də azdır. Torpağın qeyri- bərabər bölünməsi, iqlim dəyişikliyi, torpaqların eroziyası da bu amili gücləndirir. Urbanizasiyanın sürətlənməsinə təkan verən amillərdən digəri isə müsbət miqrasıya adlandıra biləcəyimiz, kəndlilərin firavan və təminatlı həyat tərzi əldə etmək və şəhərin yüksək mədəni, sosial, iqtisadi mühitindən istifadə etmək ümidi ilə kəndlərdən şəhərə axınıdır. Belə ki, sənayeləşən ölkələrdə şəhərlərin iş imkanları daha genişdir. İqtisadiyyatın inkişafı ilə birlikdə, fərd başına düşən gəlir artdıqca, şəhərlərdə istehsal olunan əmtəə və xidmətlərə tələbat da, kənd təsərrüfatı mallarına olan tələbatı üstələyir. Urbanizasiyanın texnoloji səbəbləri bilavasitə XVII əsrin sonunda buxar qatarının icadı ilə bağlıdır. Buxar “gücü” bir çox sənaye sahəsinin sürətli inkişafına təkan verməlkə yanaşı, bir çox insanın şəhərlərdə yerləşən sənaye obyektlərinin ətrafında məskunlaşması ilə nəticələnmişdir. Buxar “gücünün” əhalini sıxlaşdırıcı təsirinə əlavə olaraq, elektrik enerjisinin də sənayedə istifadə edilməyə başlanması həm sənayenin, həm də əhalinin müəyyəm mərkəşlər ətrafında toplanmasına səbəb olmuşdur. Quru, dəniz və hava nəqliyyatı vasitələrinin inkişafı da urbanizasiyaya təkan verən nailiyyətlərdəndir. əsrimizin son nailiyyətlərindən olan kommunikasiya və texnologiyalarının urbanizasiyaya təsirini isə zaman göstərəcək. Müxtəlif səviyyələrdə verilən siyasi qərarlar, idarəetmə quruluşunun xüsusiyyətləri, hüquqi təsislatlar, beynəlxalq münasibətlər, səyahət, məskunlaşma və ticarət sərbəstliyini qadağan edən qanunların ləğvi, torpaq üzərində mülkiyyətlə əlaqəli qanunlar, sənayeləşməni dəstəkləyən sosial – iqtisadi inkişaf proqramları və torpaq islahatları da urbanizasiyanı sürətləndirən amillərdir. Sosial – psixoloji amillər isə kənd yaşayış tərzi və səviyyəsi ilə şəhər həyatı arasındakı mühüm fərqlərdir. (1, s.27) Həqiqətən də, şəhərin ictimai – sosial bazası kəndə nəsbətdə xeyli yüksəkdir. İnkişaf edən ölkələrdə, kənd təsərrüfatı sahəsində marjinal məhsuldarlığı azaltmış artıq işçi qüvvəsinin, kənd təsərrüfatı xaricində yaradılmış iş imkanlarına yönəldilməsi bir qayda olaraq iş gücünün qüvvəsini artıra bilər. Sürətli inkişafın tələb etdiyi investisiyalar şəhərlərdə cəmləşdiyi üçün, sənaye və xidmət sektorunun tələb etdiyi inkişaf mühiti şəhərdə olduğu üçün, urbanizasiya prosesi ölkənin tərəqqisinə də xidmət edə bilər. Xülasə etsək, urbanizasiyanı şərtləndirən mənfi amilləri belə sıralaya bilərik: - əhali artımının təyziqi; - torpaq çatışmazlığı və torpaq bölgüsündə ədalətsizlik; - gizli işsizlik, yetərsiz iş təminatı; - aşağı məhsuldarlıq; kənd təsərrüfatında makinalaşma; - bəzi mövsümlərdə iqtisadi fəaliyyətin yetərsizliyi; - təbii fəlakətlər; - kənd təsərrüfatı icraatları; kənd təsərrüfatı ərazilərinin xüsusiyyətləri; - iqlim şəraiti və eroziya; Urbanizasiyanı doğuran müsbət amillər isə bunlardır; - kənd və şəhər arasındakı gəlir müxtəlifliyi; - daha yaxşı və mütərəqqi təhsil imkanı; - şəhər həyatının cazibəsi, daha yüksək həyat standartı; - iş imkanları, nəqliyyat imkanları; - müasir səhiyyə xidmətləri.(4, s. 27-28)
3. TARAZ VƏ NATARAZ URBANİZASİYA PROSESİ İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə urbanizasiya fərqli xüsusiyyətlərə malikdir. Belə ki, inkişaf etrmiş ölkələrdə urbanizasiya prosesi sənayeləşmə ilə qovuşmuşdur. Sənaye urbanizasiyanı doğurmuşdur. İnkişaf edən və ya az inkişaf etmiş ölkələrdə isə bunun əksinə sənayeləşmədən daha sürətli urbanizasiya prosesi sezilir. Birinci qrup ölkələrdə, yəni urbanizasiyanın sənayeləşmənin nəticəsi olduğu ölkələrdə cərəyan edən urbanizasiya prosesi tarazlı, ikinci qrupdaki urbanizasiya isə nataraz urbanizasiya adlanır. Inkişaf edən ölkələrin şəhərləşmə dinamikasını inkişaf etmiş ölkələrin urbanizasiya prosesindən ayıran xüsusiyyətlərdə biri də, XX əsrin bir əhali partlayışına şahidlik etməsidir. Bunun nəticəsində inkişaf etməkdə olan ölkələrdə urbanizasiyanin sürətlənməsi demoqrafik xüsusiyyətə malik olmuşdur. II Dünya müharibəsindən sonra tibbdəki nailiyyətlərin də təsiri ilə, doğum nisbəti xeyli artmışdır. Bu nisbət inkişaf edən ölkələrdə daha yüksək olmuşdur. Başqa tərəfdən ölüm nisbətinin də kəndlərə nisbətdə şəhərlərdə daha aşağı olması şəhərlərdə təbii əhali artımının tempini yüksəltmişdir. Tarazlı və nataraz urbanizasiyanı bir-birindən ayıran mühüm iqtisadi amillər də var. Tarazlı urbanizasiya prosesindən keçən ölkələrdə bu proses daha əvvəl də vurğulandığı kimi, sənayeləşməyə paralel olaraq kənd təsərrüfatının artıq iş qüvvəsinin şəhər sənayesində işə cəlb olunması nəticəsində baş verir. Lakin inkişaf edən ölkələrdə bu proses sənayeləşmədən daha sürətli olmuşdur. Urbanizasiyanın xüsusiyyətlərindən biri də, cəmiyyətin ictimai həyatında, onun ictimai quruluşunda dəyişikliklərə səbəb olmasıdır. Şəhərdə meydana gələn yeniliklər sürətlə ətrafa yayılır və beləliklə şəhər yenilik mərkəzi halını alır. Lakin eyni şeyi inkişaf etməkdə olan ölkələr üçün söyləmək çətindir. Bu ölkələrdə urbanizasiya ictimai dəyişikliklərə yol açan bir faktor deyil. Burada böyük və çox böyük şəhərlər, orta və kiçik şəhərlərə nisbətdə daha sürətlə böyüyür və burada regional bərabərsizliklər hökm sürür. Şəhərləşmə prosesi bəzi regionlarda çox güclü, bəzilərində isə çox zəyif tempdə olur. Şəhər infrastrukturun səviyyəsi çox aşağı olduğundan, xidmətlər tam yerinə yetirilə və tələbat tam ödənə bilmir. Xüsusilə, artan əhalinin mənzillə təmin edilə bilməməsi, gecəqondulaşma prosesini sürətləndirir. Nəqliyyat infrastrukturunun yetərsizliyi də böyük problem yaradır. Bu ölkələrdə urbanizasiyanın sənayeləşmədən daha sürətli olması nəticəsində yaranan artıq işçi qüvvəsinin işlə təmin edilə bilməməsi, onların marjinal sektora yayılmasına səbəb olur ki, bu da iqtisadi rifaha xidmət etmir. Nataraz urbanizasiyanın ortaya çıxardığı iqtisadi problemlər özünü daha çox işsizlik və işsizlərin marjinal sektorda cəmləşməsi, sektorlararası bərabərsizlik, infrastruktur xidmətlərinin keyfiyyətsizliyi, gecəqonduların sürətli artımı şəklində büruza verir. İctimai müşküllərə gəldikdə isə, ətraf mühitin təhrif oluması, fiziki plansızlıq və plansız məskunlaşma, gəlirlərin ədalətsiz bölüşdürülməsi, ictimai sinifləşmənin artması, mədəni fərqliləşmə və mədəniyyət boşluğu nümunə verilə bilər. (2, s. 33) Müasir dövrün ən aktual olan məsələlərindən olan urbanizasiyanın ümumilikdə həm müsbət, həm də mənfi cəhətlərini sadalamaq olar. Şəhərlərin böyüməsi nəticəsində şəhər həyatının müxtəlif sahələrində yaranan çətinliklərlə şəhər həyatının yaşanmaz hala gəlməsi insalarda psixoloji gərginliyə səbəb olur. Dört bir tərəfdən hündür və nəhəng binaların əhatəsində sıxılaraq təbiətdən və hər növ təbii mühitdən ayrı qalan insanlar estetik zövqdən, təbiilikdən uzaqlaşır. Tibbi təminatın yetərsizliyi nəticəsində xəstəliklərin artma ehtimalı çoxalmaqla yanaşı işsizlik problemi də yoxsulluq dərəcəsini artıra bilər ki, bu da ölüm nisbətinin yüksəlməsinə səbəb ola bilər. Xüsusilə mənzil ehtiyacının tam ödənə bilməməsi nəticəsində yaranan gecəqonduların yerləşdiyi ərazilərdə torpaq spekulyasiyası arta bilər. Lakin planlı və nəzarət altında, düzgün siyasətə əsaslanacaq urbanizasiyanın bir çox müsbət cəhətləri də vardır. Məsələn elm və texnikanın səviyyəsi yüksəlir, icadların sayı artır, mədəniyyət və incəsənətin səviyyəsi yüksəlir, ticarət və nəqliyyatın inkişaf edir, istehsal edilən əmtəə və xidmətlərin keyfiyyəti artır, fikir mübadilərərində axıcılıq və canlanma yaranır, fikir müxtəlifliyinin inkişafı ilə məhsuldar bir təbəqə yaranır. (5, s.9-10)
4. URBANİZASİYA SİYASƏTİ Qeyd olunanlardan göründüyü kimi, urbanizasiya ilə iqtisadi inkişaf və ictimai tərəqqi arasında yaxın münasibət mövcuddur. Tarazlı urbanizasiya prosesində urbanizasiya sənayeləşmənin nəticəsi olduğu üşün, bu proses iqtisadiyyata təkan verici funksiyaya malikdir. Təbii qanunauyğunluğ içində cərəyan etməyən nataraz urbanizasiyanın ölkənin iqtisadi, ictimai – siyasi və mədəni həyatında mənfi təsirləri olduğunu isə daha əvvəl də qeyd etmişdik. Bu mənfi təsirlərin qarşısını almaq, urbanizasiya prosesini müsbət yöndə dəyişmək və onun iqtisadi inkişafın təminatçısına çevirmək üçün ölkələr müxtəlif urbanizasiya siyasətləri hazırlayaraq həyata keçirirlər. Urbanizasiya siyasəti, kəndlərdən şəhərlərə olan əhali axınının sürətini, şəklini, coğrafi yayılmasını, ölkənin inkişafına xidmət edəcək tərzdə dəyişdirəcək fəaliyyətlərin bütünüdür. Müxtəlif ölkələr, malik olduqları sosial – mədəni, iqtisadi, coğrafi, demoqrafik quruluşlarına görə müxtəlif urbanizasiya siyasətləri yürütsələr də, ümumilikdə bir neçə ortaq urbanizasiya siyasətlərindən bəhs etmək mümkündür. Bunlar, 1) sərbəst bazar iqtisadiyyatına əsaslanan siyasət; 2) kənd əhalisini kənddə saxlamağa istiqamətlənən siyayət, 3) genişləndirmə siyasəti, 4) metropol (böyük şəhərə) qurma siyasəti, 5) orta yol siyasəti Bazar iqtisadiyyatına əsaslanan siyasət urbanizasiyanın sürətini tələb və təklif qanununa görə tənzimlətir. Bəzi ölkələr isə kəndlərin inkişafını təmin etməklə, torpaq islahatları, kənd təsərrüfatı islahatları aparmaqla kəndlini kəndində qalmağını təmin edən siyasət tətbiq edirlər. Kənd əhalisinin şəhərlərə miqrasiyasını dayandırmaq üçün, kənd təsərrüfatında sənayeləşmənin gücləndirilməsi, çox işçi qüvvəsi tələb edən sənaye obyektləri kənd ərazilərinə yerləşdirilməlidir.(6, s.307) Genişləndirmə siyasəti ilə ölkələr əhalinin bir və ya bir neçə böyük şəhərdə toplanması yerinə bütün ölkə ərazisinə yayılmasına və yerləşmə quruluşuna tarazlıq gətirməsi məqsədi daşıyır. Bu siyasətdə əsas məqsəd, ölkənin malik olduğu bütün təbii və maddi sərvətlərin ölkənin bütün ərazisinə ədalətli bölüdürülməsini təmin etməkdir. Kənd, qəsəbə və şəhərlərin sənayeləşdirilməsi, böyük şəhərlərə isə yeni sənayelərin buraxılmaması, hətta bəzilərinin şəhərdən çıxarılması bu siyasətin bəzi aspektləridir. Metropol (böyük şəhər) qurma siyasətində isə bunun əksinə urbanizasiya prosesi böyük şəhərlərə yönəldilərək nəhəng metropollar yaradılması təklif olunur. Lakin, ilkin mərhələdə bu siyasət bəzi iqtisadi üstünlüklər təmin etsə də daha sonra regional bərabərsizlikləri artıra bilər. Orta yol siyasəti son zamanlar urbanizasiya prosesində tətbiq olunan genişləndirmə və metropol siyasətlərinin arasında yer alan bir urbanizasiya siyasəti növüdür. Orta yol siyasəti ilə bir tərəfdən iqtisadi rasionallıq təmin edilməyə çalışılarkən, digər tərəfdən də ictimai ədalət prinsipi reallaşdırılmaq istənilir. Təbii ki, ölkənin urbanizasiya prosesini tənzimləyəcək siyasət daha yuxarıda da qeyd etdiyimiz kimi, onun iqtisadi, mədəni, sosial, siyasi quruluşundan böyük ölçüdə asılı olacaqdır.
5. URBANİZASİYA PROSESİ VƏ YERLİ İDARƏETMƏ Çox təbiidir ki, urbanizasiyanın ortaya çıxardığı problemlərin böyük əksəriyyəti idarəetmə orqanlarının xüsusilə də yerli özünü idarəetmənin üzərinə düşür. Şəhərlərdə artan əhalinin minimal həyat standartlarının təminatı, başqa sözlə yaşayış yerlərinin təşkili, su, qaz, enerji, nəqliyyat, kanalizasiya sistemləri kimi kommunal ehtiyacların təmini vəzifəsi bilavasitə yerli idarəetmənin üzərinə düşür. Funksional mənada da yerli idarəetmə, müəyyən bir coğrafi ərazidə yaşayan (kənd, şəhər, qəsəbə) əhalinin özü tərəfindən bu ərazinin ümumi ehtiyaclarını təmin etmək üçün seçilən, xalqa ən yaxın olan quruluşlardır.(8. s, 128) Deməli şəhərləşmə prosesi genişləndikcə, əhalinin sayı artdıqca onların ehtiyac duyduqları ortaq tələbat da artır, bu da öz növbəsində yerli idarə etmənin üzərinə düşən vəzifələrin və məsuliyyətin artmasına gətirib çıxarır. Buradan da göründüyü kimi yerli idarəetmə və şəhərləşmə problemləri bir çox yöndən ortaqdır. Yerli idarəetmə və şəhərləşmə dünya gündəmini uzun zamandır işğal etmişdir. 1970-ci illərdən etibarən sürətlə artan dünya əhalisinin məhdud olan təbii sərvətləri sürətlə istehlak etməsi nəticəsində xüsusilə şəhər və kənd yerlərində, yaşayışın keyfiyyətinin sürətlə aşağı düşməsi nəticəsini vermişdir. Hətta bu mövzuda iş birliyini inkişaf etdirmək və təcili tədbirlər planı hazırlamaq məqsədilə BMT HABİTAT 3-cü iclasını dünya şəhər sammiti adı altında 1996-cı ildə İstanbulda keçirmişdir. Bununla bərabər BMT nəzdində fəaliyyət göstərən Avropa İqtisadiyyat Komissiyası İnsan Yerləşmələri Komitəsinin son zamanlardaki gündəmində davamlı və yaşayışa əlverişli şəhərlər mövzusu durur. Beynəlxalq təşkilatların bu diqqətinə baxmayaraq hal-hazırda urbanizasiya problemləri artan tempdə davam edir. Dünya miqyasında şəhər əhalisinin 1/6-i, kənd əhalisinin isə ½-si gecəqondularda yaşayır. BMT`nin məlumatına görə hal hazırda dünyada təxminən bir milyard olan və yoxsul təbəqəni təşkil edən gecəqondu sakinlərinin sayı lazımi tədbirlər görülməzsə 2030-cu ildə iki milyard ola bilər. Qitələr arası müqayisələrdə ən çox gecəqondu Asiya qitəsinin payına düşür. Asiya ölkələri, Latın Amerikası ölkələri və inkişaf etməkdə olan digər ölkələrdə şəhər əhalisinin 60%i gecəqondularda yaşayır. Bütün bunların nəticəsində yerli idarəetmə orqanlarının işi təbii ki, mürəkkəbləşir. Hər şeydən əvvəl şəhərə cəmləşən əhalinin yaşayış yeri ilə təmin oluna bilməməsi, bu əhalinin alternativ yaşayış məskənləri tapmağa sövq edir ki, bunun da ən asan yolu gecəqondulardır. Gecəqondular şəhərin baş inkişaf planına uyğun olmayan ərazilərdə, dövlət əhəmiyyətli ərazilərdə, yüksək gərginlikli elektrik xəttlərinin atında, qaz, su və neft kəmərlərinin, su anbarlarının yaxınlığında yerləşmələri həm şəhərin ümumi görünüşü həm də, əhalinin sağlam mühitdə yaşaması baxımından təhlükəlidir. Bu problem eyni zamanda torpaq spekulasiyasının yüksəlməsinə səbəb olur. Buna görə də yerli idarəetmə bu məsələyə ciddi yanaşmalıdır. Yerli idarəetmənin urbanizasiya nəticəsində qarşılaşdığı başqa bir problemdə sosial-mədəni problemlərdir. Belə ki, meydana gələbiləcək yoxsulluq, işsizlik, əhalinin şəhərlə bütünləşməsini çətinləşdirməklə cinayət işləmə dərəcəsini artıra bilər. Urbanizasiya zonalarında mərkəzi idarəetmə ilə yerli idarə etmənin, xüsusilə yerli idarəetmə orqanları ilə yerli özünüidarəetmə orqanlarının sıx əməkdaşlığı tələb olunur. Çünki bütün bu problemləri nəzərə almaqla bu orqanlar şəhərin gələcəyini müəyyənləşdirəcək stratejik qərarlar almalıdırlar. Maliyyə problemləri də urbanizasiyanın sürətlənməsi ilə yerli idarəetmə üçün artan problemdir. Çünki, artan şəhər əhalisinə daha çox xidmət göstərilməli, daha çox çox infrastruktur təmin edilməlidir ki, bu da külli vəsait tələb edir. Burada yerli idarəetmə bazasında olan ehtiyatlardan ən səmərəli və israfsız istəfadə yolları araşdırılmalıdır.(7. s,1) Müasir dövrdə izdihamdan boğulan və natarız şəkildə böyüyən şəhərləri optimal xidmət səviyyəsinə çatdırmaq üçün yerli idarəetmə orqanları qoruyucu və yaxşılaşdırıcı tədbirlər həyata keçirirlər. Qoruyucu tədbirlərdən məqsəd şəhərin böyüməsinin qarşısını almaq, yaxşılaşdırıcı tədbirlərdən məqsəd isə sıxlığı azaltmaqla şəhəri optimal ölçüyə çatdırmaqdır. Böyümənin səbəbləri kəndlilərin şəhəri ən səmərəli əmək bazarı kimi görmələridir. Kəndlilər daim şəhərin üstün imkanlarından faydalanmağa can atmışlar ki bu hallar onları şəhərə köçməyə meyl etdirir. Bunun mənfi cəhətlərini aradan qaldırmaq üçün xüsusilə bu tədbirlər həyata keçirilir. - daha əvvəl şəhərlərin mərkəzində inşa edilmiş və yeni qurulan sənaye obyektlərini xüsusi sənaye bölgəsi quraraq buraya köçürmək. - yeni şəhərlərin salınması. Yəni, böyük şəhərlərin əhalisinin müəyyən bir qisminin köçürüləcəyi və böyük şəhərlərin ətrafında yeni salınacaq şəhərlər. Bunun ən bariz nümunəsi olaraq Fransada Parisi əhalinin sıxlığından xilas etmək üçün görülən tədbirlərlər, İngiltərədə bu istiqamətdə aparılan bəzi işləri göstərmək olar. (9, s.107-110) Əhalinin sıxlığının azaldılması tədbirləri isə urbanizasiyaya qarşı yerli idarə etmə orqanlarının apardığı başqa bir siyasətdir. Şəhəri “boğulmaqdan” xilas etməyin bir yolu şəhərdə təmərküzləşmə meyllərinin sosial və iqtisadi faktorlarını öyrənmək və onları aradan qaldırmaqdır. Məsələn, ölkə qanunvericiliyinin yol verdiyi dərəcədə əhali məskunlaşan şəhərlərdə, başqa şəhərlərə nisbətən daha ağır məskunlaşma vergisi tətbiq oluna bilər, yerli satış vergiləri ağırlaşdırıla bilər. Yeni inşaat üçün icazə verilməməsi, sənaye təsislərinin şəhər kənarına köçürməyi könüllü qəbul edən sənayedarlara ucuz torpaq verilməsi, aşağı vergi tətbiq edilməsi və aşağı faizli kreditlərin təqdim olunması, şəhər kənarında yeni yaşayış massivlərinin salınması, bu işlə məşğul olan özəl sektora vergi endirimlərinin tətbiqi, və s.görülə biləcək tədbirlərdəndir. Əhalisi az olan kiçik yaşayış yerlərinin də, müxtəlif fəaliyyətlərlə canlandıraraq iqtisadi və sosial baxımdan inkişaf etdirmək və yaşayış üçün əlverişli mərkəzlərə çevrilməsi də mühüm əhəmiyyət kəsb edir.
XÜLASƏ Xüsusilə İngiltərə sənaye inqlabı ilə sürətlənən urbanizasiya prosesi dünya şəhərlərinin istər iqtisadi, istərsə də siyasi strukturunda bir çox dəyişiklərə yol açdı. Sənayenin sürətli inkişafı şəhərlərin sürətlə böyüməsinə və enerji mənbələrinin, nəqliyyat vasitələrinin, xammal ehtiyatlarının və işçi qüvvəsinin ucuz və əlverişli olduğu yerlərə çevrilməsinə şəbəb oldu. Bu isə öz növbəsində şəhərləri şəhər ətrafında və xüsusilə də kənd ərazilərində yaşayan insanların cazibə mərkəzinə çevirdi. Beləliklə insanlar firavan və təminatlı həyat tərzi əldə etmək və şəhərin yüksək mədəni, sosial, iqtisadi mühitindən istifadə etmək ümidi ilə şəhərlərə axın etməyə başladılar. Lakin urbanizasiya prosesi ölkələrin inkişaf etmişlik dərəcəsinə görə taraz və ya nataraz şəkildə cərəyan etmişdir. Məhz buna görə, müxtəlif ölkələr bu prosesi öz təbii qanunauyğunluğu əsasında cərəyan etmələri üçün müxtəlif siyasi kurslar aparmaq məcburiyyətində qalmışlar. Bu da öz növbəsində urbanizasiyanın mənfi ya da müsbət təsirləri ilə bir başa qarşılaşan idarəetmə strukturlarını məşğul edən mövzu halına gəlmişdir. Şəhərlərin və şəhər ərazisində yaşayan insanların yerli əhəmiyyətli sosial, iqtisadi, mədəni və ekoloji problemlərinin həllinə məsuliyyət daşıyan yerli idarəetmə orqanları urbanizasiya prosesi ilə sürətlə böyüyən və əhalisi artan şəhərlərin optmal böyüklüyünü qoruyub saxlaya bilmək və əhaliyə optimal xidmət göstərə bilmək üçün qoruyucu və yaxşılaşdırıcı tədbirlər həyata keçirmişlər.
URBANIZATION AND LOCAL GOVERNMENTS
ABSTRACT Urbanization process booming with the England industrial revolution especially caused many changes both in industrial and political structures of cities. Rapid development of industry caused the development of cities where energy recourses, transportation means, raw materials and work powers became abundant and affordable. And this at the same time attracted people who live in rural areas and in villages to the cities. Thus, people moved to cities in order to get welfare and guaranteed way of life and also hope to get use the high cultural, social, economical environment of the city. However, urbanization process shows changes from country to country on the basis of the level of development. That’s why many countries were forced to lead dıfferent policies in order to direct the prosses in the right way. As a result local governments, who are directly responsible for meeting all kinds local needs, such as social, economical, cultural, ecological and etc. had to take different measurement to provide optimal service to local people in optimal city area.
ƏDƏBİYYAT
1- Keleş Ruşen, Kentleşme Politikası, Ankara-İmge kitabevi, 1996 2- Zengin Eyyüp, Kentleşme Sorunları ve çevre politikaları, Bakı, İqtisad Universiteti nəşriyyatı, 2002 3- Alan Duben, Sadum Emrealp, Effective urban management in the eastern mediterranian and middle east region, İstanbul-kent basım evi, 1992 4- Zengin Eyyüp, Şəhərləşmə prosesinin ətraf mühitə təsirinin sosial mühtə təsiri, Bakı, İqdisad Universiteti nəşriyyatı 5- Yaşar Bahri Ergin, Şehircilik, Ankara, Yüksek Teknik Öğretmen okulu matbaası,1981 6- Dinler Zeynel, Bölgesel İqtisad, Bursa, Ekin kitabevi,1994 7- http://www.tokı.gov.tr/html/metınler/tmmobkonutkurultayı03.doc 8- Fikret Elma, Desentralizasiya və Azərbaycan Bələdiyyələri, Qafqaz Universiteti, Desentralizasiya və yerli idarəetmə mövzulu konfransı, Bakı-2003 9- Halil Nadaroğlu, Mahalli idareler, İstanbul, Beta, 1994 |